Motivasiya fəal dərsin mərhələləri kimi
Müəllif: İlkin Həsənov
Hörmətli oxucu, siz bu məqalədə fəal interaktiv dərsin qurulmasında motivasiya və refleksiyanın rolu, bu mərhələlərin uğurlu şəkildə necə təşkil edilməsiəhəmiyyəti barədə məlumatlanacaqsınız.

Qeyd: Dünya təcrübəsində motivasiyaya fəal dərsin ayrıca bir mərhələsi kimi yanaşmaq təcrübəsi demək olar ki, yoxdur. Lakin ölkəmizdə yayılmış fəal dərs və onun mərhələləri anlayışına görə bu edilir və müəllimə dəstək olmaq üçün bu məqalə paylaşılır.

Motivasiya nədir və nə üçün lazımdır?

Müasir dövrdə dünya əvvəlki dövrlərə nisbətən kəskin sürətlə dəyişir. Bu müasir insanın, həmçinin şagirdlərin həyat tərzinə, dəyərlərinə, dünyaya baxışına öz təsirini göstərir. Nəzərə alsaq ki, bir çox şagirdlər günün böyük hissəsini texnologiya, kompüter və mobil telefonlardan istifadə etməklə dinamik həyat yaşayır, artıq təlim-tədris prosesini əvvəlki kimi təşkil etmək mümkünsüz hala çevrilir və dərs prosesini yeni mühitə uyğunlaşdırmaq zərurəti ortaya çıxır.

Motivasiya elə bir fəaliyyətdir ki, şagirdləri idrak fəallığı əsasında aktiv şəkildə dərsə cəlb edir. Bununla bağlı tədqıqatçı Robert Filips "şagirdi qarmağa keçirtmək" ifadəsini işlədib. Yəni dərsin əvvəlində şagird üçün elə səmərəli motivasiya qurulmalıdır ki, şagird diqqətini, marağını tam şəkildə dərsə yönəldə bilsin. Dərsin əvvəlində motivasiyanın düzgün qurulması şagirdləri fəal şəkildə dərsə cəlb etməklə bərabər, həm də dərsin qalan hissəsinin uğurlu alınmasına şərait yaradır. Bu məqamda müəllimin diqqət yetirməli olduğu digər məqam isə sinifdəki bütün şagirdlərin tədris prosesinə cəlb olunmasına şərait yaratmaqdır. Bəzən şagirdlərin əksəriyyəti fəal şəkildə qatıldığı halda digər şagirdlərin aktiv cəlb olunmasını müşahidə etmirik. Aktiv cəlb olunmamanın sualı anlamama, müəllimin diqqətindən kənarda qalma, evdə ailədaxili problemlər, özünəqapanma və s. kimi bir çox müxtəlif tipli səbəbləri ola bilər. Öyrənmə prosesindən kənarda qalan şagirdin gələcəkdə dərsə həvəssiz yanaşmasına, laqeydlik göstərməsinə və hətta davranış problemlərinə yol aça bilər.

Motivasiyanı necə təşkil etmək olar?
Motivasiyanı qurmaqda ən vacib şərt onun həyatla əlaqələndirilməsidir. Dərsimizi gündəlik həyatımızla əlaqəli qurduqda bu, şagirdlər tərəfdən daha çox maraqla qarşılanır. Motivasiya qurmaq yolları:

  • Əyani vəsaitlərdən istifadə edərək

  • Açıq tipli suallar verməklə - bir cavabı olan suallar vermək şagirdlərdə düşünmə bacarığına mənfi təsir edir, ona görə şagirdlərə açıq tipli düşündürücü suallar vermək lazımdır.

  • Şəkillər, karikaturalar, videolardan istifadə etməklə - bu vasitələrdən istifadə şagirdlər tərəfindən maraqla qarşılanır.

  • Krassvord tərtib etməklə

  • Hekayə oxuna bilər. Əvvəlcədən xəbərdar edirsiniz ki, birazdan mətndən suallar veriləcək ona görə diqqətlə dinləsinlər. Bu zaman şagirdlər maksimum diqqətlə dinləməyə çalışacaqlar. Yaxud oxu zamanı müəyyən yerləri boş saxlamaq olar və şagirdlərə "bu boşluqlara nə yazmaq olar?" deyə sual vermək olar və s.

  • İçərisində bir neçə səhv buraxılan mətn göstərilə bilər və şagirdlərdən bu səhvləri tapmaq və düzəltmək tələb oluna bilər.

  • Rəsm dərsində hər hansı bir rəssamın əsəri göstərilə bilər və şagirdlərə sual oluna bilər ki, "bu şəklə baxdıqda rəsmin hansı özünəməxsusluğu diqqətinizi çəkir və nə üçün?".

  • Musiqi dərsində hansısa bəstəkarın mahnılarından ibarət parçalardan istifadə etməklə beyin həmləsi etmək olar.

İlk əvvəl motivasiya qurmaq çətin ola bilər, lakin davamlı və səylə çalışdıqda vərdiş halına çevrilir. Sadəcə biraz yaradıcı olmaq lazımdır.

Ədəbiyyat siyahısı:
Motivation to learn: transforming classroom culture to support student achievement. Michael Middleton and Kevin Perks, Corwin press, 2014
Reflective Practice in Action. Thomas S.C. Farrell, Corwin press, 2014
https://www.creativeeducation.co.uk/blog/five-practical-ideas-for-lesson-starters/
http://webfronter.com/bexley/maths/menu3/Frontpage_files/NQT_Network/images/NQT_plenary_handout.pdf
İlkin Həsənov
TAİM-in təhsil mütəxəssisi
Made on
Tilda