Dərs zamanı refleksiya
Müəllif: İlkin Həsənov
Refleksiya nədir?

Sadə dillə desək bir şəxsin öz düşüncəsi, əməli, xarakterinə, həyata və dünyaya baxış tərzinə kənardan baxması, başqa sözlə bütün bunlara güzgü tutmasıdır. Dərs prosesində isə şagirdə və eləcə də müəllimə öyrənmənin nə dərəcədə uğurlu olmasını göstərən amildir.
Refleksiya etməklə müəllim:

1
Planlaşdırdığı dərsin nə dərəcədə uğurlu olduğunu
2
Təlim məqsədini nə dərəcədə reallaşdırdığını
3
Fəaliyyətlərin nə dərəcədə effektiv olduğunu
4
Qiymətləndirmə üsul və vasitələrinin nə dərəcədə effektiv olduğunu
5
Şagirdlərin dərsə cəlb olunma səviyyəsini
6
Hansı şagirdlərin mövzunu nə dərəcədə mənimsədiklərini
7
Şagirdlərin maraq və ehtiyacların
8
Gələn dəfə üçün dərsi planlaşdırarkən nələrə diqqət yetirmək lazım oluğunu müəyyən edə biləcək. Bir sözlə təlim-tədris prosesinə güzgü salmış olacaq.
Necə keçirilir?
Refleksiyanı dərsin sonunda və ya dərsdə hər hansı bir fəaliyyətin sonunda etmək mümkündür. Refleksiyanı bu cür suallar verməklə həyata keçirmək olar:

  1. Bugün dərsdə öyrəndiklərini iki cümlə ilə vurğula – bu fəaliyyət həm şıfahi, həm də yazılı ola bilər. Belə ki, müəllim şagirdlərə 2-3 cümləlik ümumiləşdirmə yazmalarını istəyə bilər, lakin onlara bunun üçün lazımi vaxt verilməsini də unutmamalıdır.

  2. Bu gün öyrəndiyin 3 şeyi de.

  3. Şagird yoldaşınla öyrəndiyin 3 məsələni və yaxud qrupda öyrəndiyin 2-3 məsələni vurğula.

  4. Hansı mövzuda daha çox öyrənmək istəyərdin və nə üçün məhz həmin mövzuda?

  5. Dərsin hansı hissəsində daha çox yaradıcı oldun? Səncə niyə məhz həmin vaxtda?

  6. Səncə dərsin hansı hissəsində daha yaxşı çalışdın və nə üçün?

  7. Özünün hansı müsbət tərəfini kəşf etdin?

  8. Özünün hansısa çatışmayan tərəfini kəşf etdinmi və bu hansılardır?

  9. Hansı hal səni məyus etdi və nə üçün?

  10. Bugün hansı bacarığını inkişaf etdirmiş oldun?

  11. Səncə hansı bacarıqlarını daha da inkişaf etdirməlisən?

  12. Qruplarla iş zamanı nə xoşuna gəldi və səni nə narahat etdi?

  13. Səncə yeni mövzunu öyrənmək üçün istifadə etdiyimiz üsullar nə dərəcədə effektiv oldu (fikrini 2 misalla konkret vurğula)?

  14. Əgər bu dərsi sən keçsəydin nələri fərqli edərdin?

  15. Bu dərsdə öyrəndiyin ən vacib şey nə oldu? Nə üçün düşünürsən ki, öyrəndiyin vacib məsələdi?

  16. Dərsimizin reseptini yaza bilərsinizmi? və s.
Bu tip suallar verməklə nəticədə şagirdlər fikirlərini cəmləyib ümumiləşdirməyi, dərsin əvvəlindən baş verənləri nəzərdən keçirməyi öyrənəcək, öz fəaliyyətinə, düşüncələrinə, başqalarına qarşı münasibətinə güzgü salmış olacaq ki, bu da onlarda bir sıra həyati bacarıqların formalaşmasına gətirib çıxaracaqdır. Yuxarıda sadalanan sualların hamısını eyni anda yəni bir dərs ərzində şagirdlərə verərək refleksiya etmək yanlış olardı. Bir və ya iki sual vermək və sualların cavablarını geniş müzakirə etmək daha məqsədəuyğundur. Eyni zamanda şagirdlər verilən sualların hamısına cavab vermək məcburiyyətində də deyillər. İlk əvvəl suallarınıza cavab almaya bilərsiniz, lakin bu sualları davamlı şəkildə verməklə siz şagirdlərdə zamanla irəliləyişləri müşahidə etmiş olacaqsınız. Məsləhətdir ki, müəllimlər sual vermə bacarıqlarını inkişaf etdirsinlər. Bu dərsin uğurlu alınması üçün çox vacibdir.

Ümumilikdə isə insanların, cəmiyyətin özünü davamlı olaraq refleksiya etməsinə ehtiyac vardır. Hər kəs özünə bu məzmunda suallar verməklə şəxsiyyət kimi inkişafına yardım etmiş olar:

  • Mənim ətrafımda baş verən hadisələrlə bağlı düşüncələrim necədir?

  • Özümü 5 il sonra harada görmək istədiyim barədə düşünmüşəmmi?

  • 10 il sonra harada olmağımı istərdim?

  • Həyatda əsas hədəfim nədir?

  • Hədəfimə çatmaq üçün nələr etməliyəm?

  • Hədəfimə çatmaya bilərəm və bu halda nələr etməliyəm?

  • Mənim üçün həyatda əsas dəyərlər nədir?

  • Hansı və necə insanlar mənim üçün dəyərlidir?

  • Başqa insanların fikirlərinə, həyat tərzinə, düşüncələrinə mənim münasibətim necədir və bu münasibətim doğrudurmu?

  • Özüm haqqında – hisslərim, düyğularım, düşüncələrim, xarakterim barədə məlumatlıyammı?

  • Müxtəlif vəziyyətlərdə - əsəbi halda, stress zamanı, gərgin iş rejimində, yorğun olanda özümü idarəetməm, ətrafa qarşı münasibətim necə olur və bu münasibət qəbulediləndirmi?
İlkin Həsənov
TAİM-in təhsil mütəxəssisi
Made on
Tilda