Övladlarınızın inkişafı üçün Harvard universitetinin psixoloqlarından məsləhətlər.
Müəllif: Simarə Məmmədova
Valideynlər uşaqların inkişafında xüsusi rol oynayır. Övladınızın inkişafı üçün bəzi məsələlərə diqqət etmək labüddür. Sizinlə 6 dəyərli məlumat bölüşmək istəyirik.
1. Övladlarınızla zaman keçirin.

Uşaqlarınızla mütəmadi olaraq vaxt keçirib hobbilərinə, problemlərinə maraq göstərməli və ən vacibi söylədiklərini dinləməlisiniz. Davranışlarınız onların da başqalarına yanaşmalarına örnək olacaqdır.

2. Övladınızın sizin üçün ifadə etdiyi dəyəri ona hiss etdirin.

Psixoloqlar tərəfindən aparılan araşdırmalara görə bir çox uşaq valideynləri üçün dünyanın ən önəmli insanı olduqlarını bilmirlər. Bu sözləri sizdən eşitməyə həqiqətən ehtiyacları var. Övladınıza həqiqətən güvəndə olduğunu, sevildiyini və ona dəyər verdiyinizi mümkün olduqca tez tez söyləyin.

3. Onlara problemlərin üzərinə necə gediləcəyini və və necə həll edildiyini göstərin.

Məsələn, övladınız anidən futbol məşqinə getməkdən imtina etmək qərarı verirsə, bunu niyə etmək istədiyini və nəticədə nə olacağını açıqlamasını istəyin. Əgər yenə də imtina edirsə onlara yeni bir məşğuliyyət qazanmalarına yardım edin.

4. Sizə sadə işlərinizdə kömək olmasına icazə verin və yardımlarına görə minnətdar olduğunuzu göstərin.

Araşdırmalar hər daim yardım etməyə hazır insanların başqalarına daha mərhəmətli və davranışlarında daha comərd olduqlarını göstərir. Bu səbəblə övladınızın evdə sizə kömək edə biləcəyi bir sıra günlük işlər formalaşdırın. Bunun sayəsində günün hər mərhələsində onlara təşəkkür edə biləcəksiniz. Bundan başqa psixoloqlar uşaqları sərgilədikləri nəzakətli davranışlar və sizə etdiyi köməyə görə mükafatlandırmağınızı tövsiyyə edirlər.

5. Övladınıza neqativ duyğularının öhdəsindən gəlməkdə yardımçı olun.

Psixoloqlar uşaqların hirs, nifrət, utanc və qısqanclıq kimi duyğularını idarə edə bilmədiyinə inanırlar. Uşaqlara bu duyğuları anlatmalı və onlarla necə mübarizə aparmağı öyrətməlisiniz. Bununla övladınız öz-özünü analiz etməyi bacarıb daha kamil şəxsiyyət kimi yetişəcəkdir.

6.Onlara dünyanın xəyal etdiklərindən daha böyük, daha qarışıq və daha maraqlı olduğunu göstərin.

Psixoloqların araşdırmalarına görə demək olar ki, bütün uşaqlar sadəcə ailə və dostlarından ibarət balaca dünyada yaşadıqlarını düşünürlər. Sosial, mədəni və coğrafi baxımdan bu məhdud mühitin çölündəki insanlar və hadisələrə maraq duymağı öyrətmək çox önəmlidir. Fərqli yaşam tərzi, mədəniyyətlər haqqında fikir sahibi olmaları intellektual inkişaflarına səbəb olacaq.

Harvard mütəxəssislərinə görə "Bir uşağı nəzakətli,şəfqətli və mərhəmətli bir insan kimi yetişdirmək çox çətindir. Amma bunu etmək sizin əlinizdədir. Dünyadakı heç bir şey bunu bacardığınızda yaşadığınız sevincə üstün gələ bilməz".

İstinadlar:
https://www.harvard.edu/
https://psychology.fas.harvard.edu/




Made on
Tilda